Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə və federasiyanın üzvləri ilə görüşüb.
Görüşdə qeyd edilib ki, iqtisadiyyat, mədəniyyət, qabaqcıl texnologiya və innovasiyaları özündə birləşdirən yaradıcı və mədəniyyət sənayeləri dünyada dinamik inkişaf edir. Ədəbiyyat və nəşriyyat, dizayn və memarlıq, musiqi, rəqs və teatr, moda və təsviri sənət, film, video və foto sənəti, oyunlar və yaradıcı texnologiyalar, reklam və s. kimi sahələrdən ibarət olan yaradıcı sənaye həm də biznes sahəsidir. Azərbaycanda da bu sahənin inkişafı və biznes imkanları genişdir.
Görüşdə ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi, kreativ və mədəniyyət biznesinin dəstəklənməsi, bu sahədə təşkilatlanma, yaradıcı şəxslərin və biznes subyektlərinin sənayenin bu sahəsində daha geniş təmsil olunması, müvafiq sektorda dövlət və özəl sektor arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib. Federasiya müvafiq sahədə KOBİA ilə əməkdaşlıq çərçivəsində yaradıcı sənayelər üzrə təlim proqramı və biznes forumun təşkilini, müxtəlif layihələrin həyata keçirilməsini təklif edib.
Mənbə: https://smb.gov.az/