Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə kinematoqrafiya sahəsində fəaliyyət göstərən əsas istehsalçılar və kinoteatrlar şəbəkələri ilə onlayn görüş keçirilmişdir.
Görüş Ölkə başçısının 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələrək mədəniyyət sahəsi üzrə inkişafın stimullaşdırılması, habelə investisiya və kapital qoyuluşu həcminin artırılması üçün verilə biləcək vergi təşviqlərinin dairəsinin müəyyənləşdirilməsi məqsədi ilə təşkil edilmişdir.
Görüşdə qeyd olunan sahələr, o cümlədən milli kinofilmlərin istehsalı və yayımı üzrə sahibkarlıq subyektlərinin (hüquqi və fiziki şəxslər) fəaliyyətinə təşviqlərin verilməsinə dair təkliflər dinlənilmiş, eləcə də xüsusi əhəmiyyət daşıyan sahəvi qanunvericilik aktları və normativ qaydalarda müvafiq yenilənmə işlərinin vacibliyi iştirakçılar tərəfindən vurğulanmışdır.
Sonda, Dövlət Vergi Xidməti tərəfindən xüsusi anket sorğusu şəklində təkliflərin yazılı şəkildə detallı toplanılması, həmçinin validasiyası məqsədilə yeni görüşün təşkil edilməsi təklif edildi.