13 oktyabr tarixində Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti, 4-cü təlim kursuna start verilmişdir. Təlim kursunun mövzusu UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası”nı əhatə edir.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, Təlim proqramının rəhbəri Vasif Eyvazzadə təlim kursunun açılışını edərək iştirakçıları salamladı və “İrsin İdarəedilməsi Bacarıqlarının İnkişafı” təlim proqramı çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilə həyata keçirilmiş UNESCO-nun müvafiq konvensiyalarına həsr edilmiş əvvəlki üç təlim kursu haqqında məlumat verdi. UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası” mövzusunda təlim kursunun gündəliyi və mövzu planı haqqında danışaraq təlim modulları üzrə vacib tematik istiqamətləri qeyd etdi və bu dəfəki təlim kursunun təlimçiləri kimi qardaş Türkiyənin Ənənəvi Sənətlər Birliyinin mütəxəssislərini təqdim edərək təlim iştirakçılarına öyrənmə prosesində uğurlar arzuladı.
Təlim kursunda iştirakçıları salamlayan Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Türkiyədən gələn qonaq təlimçiləri, eləcə də təlim iştirakçılarını salamlayaraq Mədəniyyət Nazirliyinin dəstəyi ilə icra olunan “İrsin İdarəedilməsi Bacarıqlarının İnkişafı” təlim proqramının işinə uğurlar arzuladı. UNESCO-nun qeyri-maddi irs nümunələrinin reprezentativ siyahısına milli, çoxmillətli və təcili qoruma siyahıları üzrə nümunələrin daxil edilməsi yolunda Azərbaycan-UNESCO əlaqələri və iş, nominasiya fayllarının hazırlanması proseslərindən bəhs etdi. Bu günə qədər Azərbaycanın 15 qeyri-maddi irs nümunəsinin UNESCO-nun qeyri-maddi irs nümunələrinin reprezentativ siyahısına daxil edildiyini qeyd edərək bu il ərzində də daha bir neçə milli irsə dair nümunənin siyahıya salınacağını bildirdi. Sevda xanım həmçinin Türkiyə ilə birgə bu istiqamətdə birgə iş birliyindən danışaraq yeni layihə və təşəbbüslərdə də bu əməkdaşlığın davam etdiriləcəyini qeyd etdi. Sonda, Azərbaycan-UNESCO münasibətlərinin inkişaf etdirilməsi sahəsində UNESCO-nun xoşməramlı səfiri kimi Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə müstəsna rolundan və xidmətlərindən bəhs edərək bu kimi layihə və təşəbbüslərin, təlimlərin beynəlxalq mədəni əməkdaşlığın daha da gücləndirilməsi üçün zəruri bilik-bacarıqların artırılması istiqamətində mühüm töhfələri olacağına ümidvar olduğunu bildirdi.
Təlim kursunun tərəfdaşı kimi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Xudayət Həsənli UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası”nın qeyri-maddi mədəni irs nümunələrinin qorunması, nəsildən-nəsilə ötürülməsi və yaşadılması istiqamətində mühüm beynəlxalq sənəd olduğunu qeyd edərək bu prosesdə digər məsul qurumlarla yanaşı Əqli Mülkiyyət Agentliyinin də rolundan, fəaliyyətlərindən və qeyri-maddi irs nümunələrinin qeyd alınmasında qurumlararası birgə iş prosesindən bəhs etdi və həmçinin bu istiqamətdə gələcək birgə əməkdaşlığın yeni bu kimi layihə və təşəbbüslərlə davam etdirilməsinin vacibliyini vurğuladı. Xudayət müəllim bu yaxınlarda Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə Əqli Mülkiyyət Agentliyi arasında baş tutmuş görüş haqqında danışaraq müzakirə edilmiş aktual məsələlər üzrə birgə üçtərəfli iş planının hazırlandığını qeyd etdi. Bu yaxınlarda fəaliyyətə başlayacaq Agentliyin nəzdində Milli Təlim Mərkəzinin bu kimi təlimlərin olacağını bildirərək irs idarəetməsi bacarıqlarının inkişafına dəstək olacaq bu kimi təlim təşəbbüslərinə görə Mədəniyyət Nazirliyinə, təşkilatçılara təşəkkür etdi və təlim iştirakçılarına öyrənmə prosesində uğurlar arzuladı.
Ardından, Türkiyəli təlim mütəxəssisləri İstanbul Texniki Universitetinin Sənətşünas alimi, dosent, eləcə də Türkiyə Ənənəvi Sənətlər Birliyinin sədr müavini Dr. Aslıhan Erkmen təlim kursunun ilk moduluna dair mövzular üzrə təlim kursunu keçdi. Qeyri-maddi irs nədir, qeyri-maddi irs nümunələri, onun qorunmasının vacibliyi kimi universal mövzular ətrafında danışaraq qeyri-maddi irs nümunələri kimi beynəlxalq, Türkiyə və Azərbaycan nümunələrindən bəhs etdi. 2003-cü il Konvensiyasının əsas müddəaları, iştirakçı ölkələr, qeyri-maddi irsə dair kateqoriyalar, sahələr haqqında məlumat verərək bu sahədə qurumlar qarşısında əsas vəzifə istiqamətlərini və götürülən öhdəliklər üzrə sahəvi çalışmalar haqqında danışdı. Sonda, ilk modul üzrə biliklərin yoxlanılması üçün onlayn sual-cavab viktorinası keçirildi.
Günün ikinci yarısında, Türkiyə Ənənəvi Sənətlər Dərnəyinin əməkdaşı xanım Sona Tomaç sözügedən Konvensiyanın əsas müddəalarından, Konvensiya ilə əlaqəli əməliyyat təlimatlarından danışdı. Konvensiyanın müvafiq siyahıya salınma üzrə prosedurlar (müraciət, dəyərləndirmə və təsdiq), zaman qrafikləri, meyarlar və öhdəliklər, sonrakı mərhələlərdə ölkələrin monitorinq və özünü qiymətləndirmə prosedurları haqqında məlumat verdi. Təcili qorunma siyahısında olan elementlərin dəstəklənməsi üçün dəstək mexanizmləri, yardım layihələri haqqında mövcud imkanlardan bəhs edildi. Sonda, ikinci modul üzrə keçirilən mövzuya dair biliklər onlayn viktorina yolu ilə test edildi. Günün sonunda, Dr. Aslıhan Erkmen Türkiyə Ənənəvi Sənətlər Birliyinin UNESCO-nun qeyri-maddi irs təşkilatı kimi akkreditasiyadan keçmə prosesi haqqında bəhs etdi.
Təlim kursunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən regional idarələrin və mədəniyyət müəssisələrinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, “ABAD” publik hüquqi şəxsin, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, “Şuşa” Şəhəri Dövlət Qoruq İdarəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA-nın Əlyazmalar institutunun, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının, “Arts Council Azərbaycan” təşkilatının, Bəstəkarlar İttifaqının nümayəndələri iştirak etmişdir.