Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası” mövzusunda təlim kursu ikinci günündə davam etmişdir.
Qonaq çıxışçı kimi təlim kursunda iştirak edən “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayevaya “Azərxalça” ASC-nin Azərbaycan xalça sənətinin inkişafı və dünyada tanıdılmasında gördüyü işlərdən danışdı, həmçinin 15 regional emalatxanasında təqribən 600 xanım toxucunun fəaliyyət göstərdiyini qeyd edərək həm ənənəvi, həm müasir dizaynlarla xalçaların, o cümlədən ipək xalçaların toxunulduğunu qeyd etdi. “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” üzrə fəaliyyətlərdən danışaraq, xarici ölkələrdə təşkil olunan sərgilər, beynəlxalq ekspozisiyalar haqqında təcrübələri haqqında məlumat verdi.
Ardından, Təlim proqramının rəhbəri Vasif Eyvazzadə təlim kursunun UNESCO-nun qeyri-maddi irs nümunələrinin beynəlxalq səviyyədə qorunmasının təmin edilməsi istiqamətində fəaliyyət göstərən orqanlar Baş Konfrans, Hökumətlərarası Komitə, Komitənin Bürosu, Qiymətləndirmə Orqanı və Katibliyin fəaliyyətlərinə dair real təcrübəyə əsaslanan vacib bilikləri və faydalı məsləhətləri təlim iştirakçıları ilə bölüşdü. Sonra, iştirakçıların mövzuya dair sualları cavablandırıldı və təlim kursu müzakirə şəklində davam etdirildi.
Türkiyənin Ənənəvi Sənətlər Birliyinin əməkdaşı, təlimçi Sona Tomaç Konvensiyaya uyğun olaraq milli səviyyədə qoruma tələb edən qeyri-maddi mədəni irs nümunələri ilə bağlı zəruri fəaliyyətlər haqqında danışaraq nümunələrin inventarlaşdırılması, nümunələrin yaşadılması üçün bilik-bacarıqların artırılması, milli dəstək mexanizmlərindən bəhs etdi. Ardından, xanım Aslihan Erkmen “Türkiyənin Ustaları” adlı layihədən, onun Marmara bölgəsi üzrə pilot mərhələsi üçün kompleks layihə fəaliyyətlərindən və nəticələrindən, ayrı-ayrı ənənəvi sənət növləri üzrə inventarlaşdırma, sənətlər və həmin sənətlərlə məşğul olan ustalara dair məlumatların təhlili imkanlarından danışdı. Vasif Eyvazzadə Türkiyənin Ənənəvi Sənətlər Birliyi ilə birgə əməkdaşlıqda hazırlanmış “Azərbaycan Sənətkarları” layihəsi, bu layihənin ölkəmizdə ənənəvi sənət növlərinin qorunması və vəziyyətin təhlili imkanlarının artırılmasına verəcəyi töhfələr və bu sahədə həllini gözləyən məsələlər haqqında danışdı. Sonra, iştirakçılarla regionlar üzrə qeyri-maddi irs nümunələrinə dair fikir mübadiləsi aparıldı və hər birinə dair xarakterik elementlər sadalanaraq onların gələcəkdə daha yaxşı qorunması və yaşadılması üçün layihə və təşəbbüslərə çağırış edildi.
İkinci yarım gündə, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev ənənəvi sənət növlərinin yaşadılması və bu istiqamətdə ailə bizneslərinə və təsərrüfatlarına dəstək istiqamətində bir dövlət layihəsi kimi bu çərçivədə icra olunan fəaliyyətlər barədə danışaraq ABAD-ın əhatə dairəsi, ABAD-çı sənətkarların kateqoriyaları, regionlar üzrə vəziyyəti əks etdirən məlumatları və ABAD məhsullarını təşkilati sayt üzərindən təqdim etdi. Təlimçi Sona Tomaç qeyri-maddi irs nümunələrinin qorunmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən, dəstək mexanizmlərindən və bu istiqamətdə Beynəlxalq fondun imkanlarından, dəstəklənən layihələrdən danışdı. Xanım Aslihan Erkmen dövri hesabatlarla bağlı qaydalardan, eləcə də qeyri-maddi irsin etik qavramı barədə, qeyri-maddi irsin qorunmasında vətəndaş cəmiyyəti təşkilatlarının rolundan bəhs etdi. Sonda, təlim kursunun iştirakçılarına sertifikatlar təqdim edildi.
Təlim kursunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən regional idarələrin və mədəniyyət müəssisələrinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, “ABAD” publik hüquqi şəxsin, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, “Şuşa” Şəhəri Dövlət Qoruq İdarəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA-nın Əlyazmalar institutunun, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının, “Arts Council Azərbaycan” təşkilatının, Bəstəkarlar İttifaqının nümayəndələri iştirak etmişdir.