Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti, UNESCO-nun «Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında» 2005-ci il Konvensiyası mövzusunda dörd moduldan ibarət təlim kursu 15 iyul tarixində başa çatmışdır.
Təlim kursunun son günündə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, Təlim proqramının rəhbəri Vasif Eyvazzadə dörd moduldan ibarət təlim kursunun ikinci günündə təqdim ediləcək mövzular və qonaq çıxışçılar barədə məlumat verərək günün ilk qonaq çıxışçısı olan Türkiyənin “Geleneksel Sanatlar Derneğinin” rəhbəri Ahmet Akcana söz verdi. Ahmet bəy rəhbəri olduğu dərnəyin tarixi, fəaliyyətlər istiqamətləri, həyata keçirdiyi layihələr, tərəfdaşları, beynəlxalq səviyyədə icra etdikləri təşəbbüsləri haqqında iştirakçılara məlumat verdi. Çıxışında Türkiyədə mədəniyyət sahəsində idarəetmə və siyasətin həyata keçirilməsində dövlət-özəl, dövlət-vətəndaş cəmiyyəti tərəfdaşlığı nümunələrindən, ənənəvi sənətlərin qorunması və inkişafında milli səviyyədə aktiv fəaliyyət göstərən fondlar, dərnəklər, vətəndaş cəmiyyəti təşkilatları və üst qurum təşkilatlarının fəaliyyətlərindən bəhs etdi. O, həmçinin Azərbaycanda fəaliyyət göstərən mədəni müəssisə və təşkilatların Türkiyə tərəfdaşları ilə fəal iş birliyinə dəvət etdi.
Ardından, təlim kursunun ikinci gününün ilk təlimçisi olan yaradıcı sənayelər üzrə London Kral Kollecində magistr təhsili almış, ADA Universitetinin müəllimi Lalə Kişiyeva yaradıcı sənayenin əsas anlayışları, tarixi inkişaf mərhələləri, qlobal kontekstdə statistik rəqəmləri təqdim edərək əsas təməli insan yaradıcı düşüncəsinə dayanan bu sənaye növünün yeni rəqəmsal dövrdə açdığı imkanlar, hər bir fəaliyyət sahəsi üçün gətirdiyi imkanlar haqqında məlumat verdi. İnteraktiv sual-cavab şəklində aparılan sessiyada iştirakçıların fəaliyyət sahələrində tətbiq edilən rəqəmsal texnologiyalar haqqında fikir mübadiləsi aparıldı və real keyslərin üstünlükləri və gətirdiyi yeni şərtlər müzakirə edildi. Təqdimatda həmçinin blokçeyn texnologiyalarından yaradıcı sənaye məhsullarının dayanıqlı marketinqi və monetizasiyası üçün əsas vacib tətbiq istiqamətləri və tələbləri izah edildi. Sessiyada fərqli ölkələrdən mədəni fəaliyyət sahələrində uğurlu layihələrdən bəhs edildi və milli kontekstdə uğur hekayəsi olaraq sessiyaya kreativ sahibkar kimi dəvət edilmiş “Ninka Cards&Gifts” şirkətinin rəhbəri Nərgiz İbrahimova təlim iştirakçıları ilə öz uğur hekayəsini bölüşdü, kreativ bir ideyadan biznesə keçdiyi yolu danışdı və verilən sualları cavablandırdı.
Təlim kursunun ikinci yarım günü Arts Council Azərbaycan təşkilatının rəhbəri Dadaş Məmmədov rəhbəri olduğu təşkilatın fəaliyyətləri, həyata keçirdiyi layihələr, mədəni tədbirlər, festivallar, sərgilər, mühazirələr haqqında məlumat verərək Azərbaycan milli mədəni irsinin və sənət ənənələrinin xarici ölkələrdə təbliğinə dair reallaşdırılan təşəbbüsləri haqqında ətraflı məlumat verdi. Günün ikinci yarım günü üzrə təlimçi, mədəniyyət və incəsənət sahəsi üzrə beynəlxalq ekspert Cahangir Səlimxanov mədəni layihələrin ərsəyə gəlməsində kreativ yanaşmalar, həllər, innovasiyalar mövzusunda təqdimatında müxtəlif layihə və proqramlar üzərindən kreativ metodikalar, uzlaşdırma qabiliyyətləri, kreativ ekspertimentlərindən danışdı. Fərdi çalışmalar üzərindən kreativ metodlarla simvol quruculuğu sessiyası təşkil edildi.
Sonda, Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Ramil Abbəkirov nazirliyin ölkəmizdə yaradıcı sənayelərin inkişafı sahəsində strateji fəaliyyət istiqamətləri və Milli Prioritetlər çərçivəsində nəzərdə tutulan fəaliyyətlər barədə təqdimat etdi. Kursun sonunda təlim iştirakçılarına sertifikatlar təqdim edildi.
Təlim kursunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən müəssisələrin, Dövlət Turizm Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, “Şuşa” Şəhəri Dövlət Qoruq İdarəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA Rəyasət Heyəti aparatının və Akademiyanın müvafiq institutlarının, Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, yaradıcı ittifaq və birliklərin, Education HUB və “Zəka İşığında” ictimai birliyinin nümayəndələri iştirak etmişdir.