Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi arasında görüş keçirilmişdir.
Görüşdə Federasiyanın fəaliyyət istiqamətləri, layihələri haqqında İdarə heyətinin sədri Vasif Eyvazzadə məlumat verərək ölkəmizdə həssas kateqoriyadan olan insanlar üçün ənənəvi sənətlərlə yanaşı müasir əmək bazarının tələblərinə uyğun olaraq yaradıcı bacarıqların (dizayn, rəqəmsal marketinq və s.) öyrədilməsi və təbliği sahəsində birgə perspektiv əməkdaşlıq imkanlarının olduğunu qeyd etdi.
Agentliyin İdarə heyətinin sədri Vüqar Behbudov Agentliyin nəzdində fəaliyyət göstərən mərkəzlərin xidmətlərindən istifadə edən benefisiar qruplar üçün müxtəlif sahələr üzrə (dərzi, bərbər, xalça toxuma və s.) təşkil edilən kurslardan bəhs edərək müasir yaradıcı bacarıqlara dair birgə təlimlərin təşkili ideyasının məqsədəuyğun olduğunu bildirdi. Bu məqsədlə, ilkin mərhələdə qrafik dizayn bacarıqları üzrə birgə təlimin təşkili istiqamətində, həmçinin “Azərbaycan Sənətkarları” layihəsi çərçivəsində birgə əməkdaşlıq barədə razılıq əldə edildi.