4 aprel tarixində Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi və əməkdaşları arasında görüş keçirilmişdir.
Görüşdə Azərbaycanda peşə təhsili sahəsində yaradıcı ixtisaslar üzrə təhsilin planlaşdırılması və təşkili sahəsində aktual və həlli vacib olan sahəvi məsələlər müzakirə edilmişdir. Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə təşkilatın fəaliyyətləri barədə məlumat vermişdir və dördüncü sənaye inqilabı və onun gətirdiyi imkanlar və çağırışlar kontekstində yaradıcı peşələrə getdikcə artan ehtiyacı vurğulayaraq əmək bazarında yer almaq və məşğulluq imkanları ilə təminat məsələlərində bu peşələrin vacibliyini və yaradıcı sahələr üzrə peşə təhsilinin xüsusilə regionlarda daha ahəngdar və keyfiyyətli təşkili məqsədilə əməkdaşlığa ehtiyac olduğunu qeyd etmişdir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov Agentliyin fəaliyyət sahəsinə dair məsələlər və hazırda bu sahədə icra olunan layihələr barədə danışaraq Azərbaycanda peşə təhsilində iştirakçılıq üzrə ümumi göstəricilərin artırılması ilə yanaşı yaradıcı peşələrlə əlaqədar daha səmərəli nəticələrə nail olmaq baxımından Federasiya və onun vasitəsilə yaradıcı özəl sektor nümayəndələri ilə birgə fəaliyyətlərin icrasının məqsədəuyğun olduğunu bildirmişdir.
Görüşün nəticəsi olaraq, Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə yaradıcı sahələrdə ixtisaslar üzrə peşə təhsilinin keyfiyyətinin və əlçatanlığının artırılması məqsədilə birgə qarşılıqlı əməkdaşlıq barədə razılıq əldə edildi.