Musiqi, Rəqs, Teatr

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası

Qədim yunanlar musiqini tanrıların töhfəsi kimi qiymətləndirir, ona insanların qəlbini fəth edən ecazkar qüvvə kimi yanaşırdılar. Yunan rəvayətlərinin birində Orfey oxuduğu gözəl nəğmələrlə tanrıları və adamları heyran edir, təbiətin kor qüvvələrini ram edirdi. Musiqi səsli bədii obrazlara gerçəklikdə əks etdirən insanın psixikasına fəal təsir edən incəsənətin növlərindən biridir.

Müasir zamanda musiqi və sənaye sözlərinin bir araya gəlməsi və musiqi sənayesinin yaradıcı sənayelər kontekstində ölkə mədəniyyətinə və iqtisadiyyatına faydaları potensial olaraq çox böyükdür. Musiqi sənayesi dünyada ən dinamik inkişaf edən sahələrdən biridir. Bu sahə müasir mobil texnologiyaların, eyni zamanda Youtube kimi audiovizual platformaların yaranmasından sonra daha da genişlənmiş və əlçatan olmuşdur. Hal-hazırda 6 milyarddan çox baxış ilə Youtube-da ən çox baxılan video məhz musiqi klipidir.

Musiqi sənayesi yeni mahnı və əsərlər yaratmaqla, canlı konsertlər və şoular, audio və video yazılar və kompozisiyaları satmaqla pul qazanan şirkətlərdən və şəxslərdən və musiqi yaradıcılarına kömək edən və təmsil edən qurum və birliklərdən ibarətdir.

Sənayedə fəaliyyət göstərən tərəflər aşağıdakılar ola bilər:

  • yeni mahnılar və musiqi parçaları yaradan mahnı müəllifləri və bəstəkarlar;
  • musiqini ifa edən müğənnilər, musiqiçilər, dirijorlar və qruplar;
  • nota alınmış musiqi yaradan, satan şirkətlər və mütəxəssislər (məs: musiqi istehsalçıları, səsyazma studiyaları, mühəndislər, musiqi yayımçıları, pərakəndə və onlayn musiqi mağazaları, müəllif hüquqları təşkilatları);
  • canlı musiqi tamaşalarını təşkil etməyə və təqdim etməyə kömək edənlər (səs mühəndisləri, sifarişçilər, təbliğatçılar, musiqi məkanları, daşıma xidmətləri).

Bir ölkənin musiqi iqtisadiyyatının inkişaf etdirilməsi çoxlu dividendlər gətirir:

  • bədii və mədəni inkişaf,
  • cəmiyyətin sosial rifahı,
  • iş yerlərinin yaradılması,
  • iqtisadi fəaliyyət və turizm imkanlarının artırılması.

Canlı musiqi iqtisadiyyatı insanların yaşamaq və yaratmaq həvəsini reallaşdırmaq üçün münbit şərait təmin edən mühüm amil kimi bir çox sahələrdə, biznes müəssisələrində və investisiya qoyuluşlarında istedadların cəlb edilməsinə və qorunub saxlanılmasına imkan yaradır. Eyni zamanda, canlı musiqi, festivallar və tarixi musiqi yerləri çox sayda turisti cəlb edir.

Ernst & Young, UNESKO və Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Konfederasiyası (CISAC) təşkilatlarının 2015-ci ildə birgə hazırladığı Qlobal hesabatda Yaradıcı və Mədəniyyət Sənayeləri arasında Musiqi sənayesindən dünya üzrə daxil olan ümumi gəlirin məbləği 65 milyard ABŞ dolları, bu sahədə mövcud olan iş yerlərinin sayı isə təxminən 4 milyona yaxın olduğu qeyd edilmişdir.