UNESCO-nun “Mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və mülkiyyət hüququnun ötürülməsinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında 1970-ci il Konvensiyası” mövzusunda təlim kursuna start verildi.
23 dekabr tarixində Mədəniyyət Nazirliyinin sifarişi ilə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti, 5-ci təlim kursuna start verilib. Təlim kursunun mövzusu UNESCO-nun “Mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və mülkiyyət hüququnun ötürülməsinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında 1970-ci il Konvensiyası”nı əhatə edir.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, Təlim proqramının rəhbəri Vasif Eyvazzadə təlim kursunun açılışını edərək iştirakçıları salamladı və “İrsin İdarəedilməsi Bacarıqlarının İnkişafı” təlim proqramı çərçivəsində əvvəlki dörd təlim kursu, təlim kurslarının iştirakçıları və təlimçi ekspertlərinin bir araya gəldiyi “İrs Azərbaycan” milli platforması haqqında məlumat verdi. İlk olaraq, təlimin məqsədləri və öyrənmə prosesinin komponentləri haqqında danışaraq, onun əsas istiqamətləri və prinsiplərindən bəhs etdi. Profilaktika, restitusiya və beynəlxalq əməkdaşlıq üzrə zəruri fəaliyyətləri təqdim edildi və təlim iştirakçıları ilə xüsusi sual doğuran məqamları müzakirə şəklində aydınlaşdırıldı.
Təlim kursu günün ikinci yarısında Dövlət Gömrük Komitəsinin Sərnişin dəhlizlərinin idarə olunması şöbəsinin baş inspektoru İlkin Hüseynzadənin Konvensiya ilə əlaqədar Gömrük sərhəddində praktiki iş və prosedurlar mövzusunda, eləcə də Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunu müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllının Muzey müəssisələrində iş, ixrac sertifikatları və restitusiya təcrübələri mövzusunda təqdimatları ilə davam etmişdir.
Təlim kursunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarına daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliklərinin, “Şuşa” Şəhəri Dövlət Qoruq İdarəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA-nın Əlyazmalar institutunun, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək ictimai birliyinin nümayəndələri iştirak etmişdir.