Mədəniyyət Nazirliyinin sifarişi ilə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində UNESCO-nun “Mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və mülkiyyət hüququnun ötürülməsinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında 1970-ci il Konvensiyası” mövzusunda təlim kursu bu gün davam etmişdir.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, Təlim proqramının rəhbəri Vasif Eyvazzadə Konvensiyanın icrasında mühüm tərəfdaşlar qismində çıxış edən UNODC- BMT-nin Narkotiklər və Cinayət İdarəsi, INTERPOL və ICOM-Beynəlxalq Muzeylər Şurası haqqında danışaraq, onların hər birinin Konvensiya iştirakçısı olan dövlətlərlə iş prinsipləri və fəaliyyət istiqamətləri haqqında məlumat vermişdir. Belə ki, mütəşəkkil cinayətkar qruplar tərəfindən mədəni sərvətlərin ticarəti ilə bağlı törədilən ağır cinayətlər qarşısını almaq və ya onunla mübarizə üçün BMT-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Konvensiyasının icrasını təmin etmək yolunda UNODC-nin mandatı, eləcə də mədəni sərvətlərin ticarəti və əlaqəli hüquqpozmalar sahəsində bu cür cinayətlərin profilaktikası üçün mümkün olan ən geniş beynəlxalq əməkdaşlığı təmin etmək məqsədilə üzv dövlətlərin birgə fəaliyyət imkanlarından bəhs etmişdir. Həmçinin, mədəni sərvətlərin ticarətindən müdafiə üzrə açıq hökumətlərarası ekspert qrupu, onun keçirilmiş iclasları, INTERPOL-un fəaliyyət istiqamətləri və bu çərçivədə ölkələrdən oğurlanmış və ya alqı-satqıya məruz qalmış əşyalar haqqında İncəsənət Əsərləri məlumat bazasına (Works of Art database), “ID-Art” mobil proqramı və onun köməyi ilə oğurlanmış mədəni sərvətləri müəyyən edilməsi, qeyri-qanuni dövriyyəni azaldılması və oğurlanmış əşyaların bərpası imkanlarının artırılmasından danışdı.
Ardından, təlim kursunda öyrənilmiş biliklərin test edilməsi məqsədilə onlayn sorğu keçirilmişdir və iştirakçılar tərəfindən cavablandırılmış sualların doğru cavabları bir-bir müzakirə edilmişdir. Sonda, təlim iştirakçıları sertifikatlarla təltif edilmişdir.
Təlim kursunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarına daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliklərinin, “Şuşa” Şəhəri Dövlət Qoruq İdarəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA-nın Əlyazmalar institutunun, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək ictimai birliyinin nümayəndələri iştirak etmişdir.
Nəzərinizə çatdırmaq istərdik ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə müvafiq dövlət qurumları, o cümlədən Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə tərəfdaşlıqda cari il ərzində “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən icra edilmiş “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində Azərbaycan Respublikasının qoşulduğu UNESCO-nun mədəni irs sahəsində beş mühüm Konvensiyası (“Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası”, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası”, “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası”, “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyası” və “Mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və mülkiyyət hüququnun ötürülməsinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında 1970-ci il Konvensiyası”) mövzusunda təlim kursları tamamlanmışdır və ümumilikdə bu kurslarda mədəni irsin idarəedilməsi, incəsənət və yaradıcılıq sahəsində fəaliyyət göstərən müxtəlif qurumlardan 200-ə yaxın nümayəndə iştirak etmişdir. Mədəni irs sahəsində sahəvi inkişaf proseslərinin daha effektiv əlaqələndirilməsi, bilik və təcrübələrin mübadiləsi, qurumlararası əməkdaşlığın gücləndirilməsi və bu sahədə təşəbbüskarlığın və qarşılıqlı faydalı iş birliyinin daha da artırılması məqsədilə təlim kurslarının təlimçiləri və məzunlarından ibarət “İrs Azərbaycan” (Heritage Azerbaijan) milli irs platforması təsis edilmişdir və 2023-cü ildə Platformanın geniş ictimai təqdimatı planlaşdırılır.