17 iyun tarixində
UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda dörd-günlük Təlim proqramının son günü keçirildi. Təlim proqramı Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə həyata keçirilir.
Tədbirdə çıxış edən Təlim proqramının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə bildirib ki, artıq dörd gündür ki, ölkəmizin irs idarəetməsində aparıcı qurumların nümayəndələri irsin idarəedilməsi mövzusunda ilk dəfə olaraq bir təlim proqramında bir araya gəlir və Konvensiyaya münasibətdə irs obyektlərinin qorunması və idarəetməsində ən yaxşı təcrübələri ətrafında qonaq çıxışçıların təqdimatları, eləcə də hər gün üzrə xüsusi ekspertin təqdimatları keçirilir. Gündəlik təlim sessiyalarında təqdim olunan mövzular, qaldırılan məsələlər ətrafında auditoriyanın həssaslığı, ünvanlanan çoxsaylı suallar irs idarəetməsi sahəsində müasir çağırışlar fonunda yeni qurumlararası əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini bir daha göstərir.
Təlimin dördüncü günündə qonaq çıxışçı kimi iştirak edən Qobustan Milli Tarix-Bədii qoruğunun direktoru
Vüqar İsayev çıxış edərək bu təlim layihəsini yüksək qiymətləndirdiyini bildirmiş və Dünya İrsi siyahısında yer almış Qobustan qoruğunun qoruq ərazisinin qorunması, ərazidə aparılan elmi-tədqiqat və arxeologiya işləri və qoruq tərəfindən icra edilən təbliğat-maarifləndirmə işləri haqqında məlumat vermişdir. O, həmçinin qoruğun beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və sərgi ekspozisiyaların təşkili sahəsində təcrübələrini bölüşdü, iqlim təsirlərinin açıq səma altında muzey kimi qorunan qayalara təsirləri, bərpa konservasiya təcrübələri haqqında verilən suallara da cavab verdi.
Açılış nitqlərinin ardından son təlim gününün təlimçisi Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin layihələrin idarəedilməsi şöbəsinin böyük mütəxəssisi, Mədəni turizm üzrə ekspert Elçin Kərimov Dünya irsi ərazisi kimi Şəki şəhərinin tarixi mərkəzi kimi Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun idarəetmə təcrübəsi, menecment, konservasiya, urban regenerasiya və risk menecment planlarının hazırlanması və işləməsi mərhələləri, bərpa təlimatları haqqında təqdimat etdi və təqdimatında həmçinin qoruq ərazisində milli irs nümunələrinin, sənətkarlıq və adət-ənənələrin və ətraf meşə örtüyünün dünya irsi ərazisinin yardımçı atributları kimi imkanlarından və onların mühafizəsi tədbirlərindən bəhs etdi. Təlim prosesində interaktiv metodları istifadə edilməklə iştirakçıların konkret keyslər ətrafında müzakirə açmaq, təlim prosesində qaranlıq məqamlarla bağlı suallar vermək imkanı oldu ki, təqdimatçı tərəfindən suallar cavablandırıldı.
Təlim sessiyasından sonra Təlim proqramının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə təlim günlərində iştirakçılar tərəfindən qaldırılan məsələlər, ölkəmizdə irsin qorunması və idarəedilməsi sahəsində çoxsaylı suallar və çətinliklərin olduğunu, eləcə də təlim proqramının iştirakçılarının sahəvi məsələlərə dair həssaslığı və yüksək motivasiyasını nəzərə alaraq yeni bir ictimai platformaya ehtiyac olduğunu bildirdi.
Milli İrs Platforması (“Heritage Azerbaijan” platforması) ideyasını təqdim edərək V.Eyvazzadə öz təklifində bu ictimai platformanın məqsədi kimi mədəni irs sahəsində müasir çağırışlar fonunda qurumlararası əməkdaşlığın və təcrübə mübadiləsinin stimullaşdırılması, maarifləndirmə və məlumatlılığın artırılması üçün təbliğat kampaniyalarının həyata keçirilməsi, bilik-bacarıqların artırılması, dövlət-özəl, dövlət-icma, özəl-icma əməkdaşlığının təşviqi, mədəni irsin qorunması, bərpası və inkişafında icma mədəniyyətinin inkişafı kimi məqsədlərin aktual ola biləcəyini vurğuladı.
Son təlim iştirakçıları təlim kursunu uğurla bitirmələrinə görə sertifikatla təltif edildilər. Həmçinin, təlim proqramının ekspert təlimçiləri və təşkilatçılara da təşəkkürnamələr təqdim edildi.