22-26 may tarixində, Avropa İttifaqının maliyyə dəstəyi, EuroChambres və Civitta Consulting təşkilatlarının icra etdiyi #EU4Business layihəsi çərçivəsində rəqəmsal inkişaf və startap ekosistemin öyrənilməsi məqsədilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası Azərbaycanın biznesə dəstək təşkilatları ilə birgə Estoniyaya tədqiqat səfəri həyata keçirmişdir.
Səfər çərçivəsində Estoniyanın proaktiv rəqəmsal idarəçilik, elektron xidmətlər, startaplar, yaradıcı sənayelər və yaradıcı məkanlar üzrə bir sıra təcrübələri ilə yerində tanış olmaq məqsədilə, CIVITTA Consulting, Estonia Biznes və İnnovasiyalar Agentliyi, Startup Estonia, Creative Estonia, Enterprise Estonia, E-Estonia, Pöhyala creative hub, Telliskivi creative city kimi yaradıcı məkanlar və onların rezidentləri, Tallinn creative incubator kimi qurumlara səfərlər edilmişdir. Səfər çərçivəsində iştirakçılar ilin əsas Startap və Texnologiya tədbiri olan Latitude59 konfransı və paralel görüşlər, tədbirlərdə iştirak etmişdir.
Estoniyaya səfər proqramı çərçivəsində həmçinin, YUNESKO-nun musiqi tematikası üzrə yaradıcı şəhəri kimi Tallinin təcrübəsi ilə tanışlıq həyata keçirilmişdir. Belə ki, Tallinn şəhər meriyasının mədəniyyət şöbəsinin rəhbəri xanım Marye Toemae ilə maraqlı söhbət əsnasında qısa vaxt ərzində şəhərin Şəbəkə (UNESCO Creative Cities Network) çərçivəsində gördüyü işlər, musiqinin sənət və sənaye olaraq təbliği üçün fəaliyyətlər, layihələr, tədbirlər haqqında danışılmış, birgə əməkdaşlıq imkanları müzakirə edilmişdir.