Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) dünya iqtisadiyyatında dinamik inkişaf edən sahələrdən biri olmaqla iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya və innovasiyaları birləşdirən sənaye növüdür. YMS-lər ədəbiyyat və nəşriyyat, dizayn, musiqi və teatr, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, audiovizual – video və foto sənəti, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiya sahələrindən ibarətdir və bu sahələrin biznesinin inkişafını nəzərdə tutur.
Məhz BMT tərəfindən elan edilmiş “Dayanıqlı İnkişaf üçün Yaradıcı İqtisadiyyat Beynəlxalq İli”ndə sizinlə uzun müddətdir ki, üzərində çalışdığımız bir ideyanın həyata keçirilməsi sevincini bölüşmək istərdik. Belə ki, nəhayət yaradıcı sənayelərin inkişafı sahəsində koordinasiyanın həyata keçirilməsi, bu sahədə beynəlxalq və yerli layihələrin idarə olunması, yaradıcılıq sahəsində fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatlarla bu sahəni tənzimləyən dövlət qurumlarını və biznes tərəfdaşları əlaqələndirəcək Azərbaycan Yaradıcı Sənayelər Federasiyası təsis olundu.
Federasiya Azərbaycanda YMS-lərin inkişafı üçün zəruri münbit ekosistemi dəstəkləməklə sahə üzrə maarifləndirmə və təbliğat fəaliyyətlərini həyata keçirəcək, yaradıcı məhsullar və xidmətlərin istehsalı, tanıtımı və ixracını təşviq edəcək, yaradıcı səneyələr sahəsində ictimai təşkilatlanmanı dəstəkləyəcək, eyni zamanda “Kreativ Azərbaycan” (creative.az) və bu çərçivədə müxtəlif hərəkatları idarə edəcəkdir. Federasiyaya üzvlük və fəaliyyətlərində iştirak barədə əlavə məlumat təqdim ediləcəkdir.