Son dövrlərdə iqtisadiyyatın məzmunu və keyfiyyəti ilə bağlı çox ciddi dəyişikliklər baş verib ki, bunlardan biri də kreativ iqtisadiyyatın, başqa sözlə, yaradıcı sənayenin təşəkkülü və inkişafıdır. Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə ölkəmiz üçün yeni anlayış olan kreativ iqtisadiyyatla bağlı “vergiler.az”ın suallarını cavablandırıb.
– Vasif müəllim, Azərbaycanda daha çox hansı kreativ məhsul və xidmətlər təqdim edilir?
– Yaradıcı məhsulların əhatə dairəsi kifayət qədər genişdir. Ənənəvi kontekstdə baxsaq, sənət məhsulları, yəni xalq yaradıcılığı – əl işləri, rəsm əsərləri, musiqi xidməti və məhsulları, audiovizual məhsul və xidmətlər, nəşr məhsulları, foto xidməti və məhsulları, muzey, kitabxana, teatr, qoruq-abidə xidmətləri, dəb geyimləri xidmətləri və s. təqdim edilir. Müasir kontekstdən yanaşılsa, texnologiyanın dəstəyi ilə formalaşan kreativ məhsul və xidmətlər – dizayn məhsulları və xidmətləri, onlayn reklam, media xidmətləri, kontentə bağlı olan bütün növ xidmət və məhsullar və s. təqdim olunur. Bu sahənin iqtisadi gücünün dəqiq müəyyən edilməsində bir sıra çətinliklər var ki, hazırda dövlət təşkilatları ilə bu istiqamətdə iş aparılır.
– Ölkəmizdə kreativ iqtisadiyyatın hansı sahələri daha çox inkişaf edir?
– Dizayn, nəşriyyat və kitab, kontent əsaslı SMM məhsullarının hazırlanması, daha dəqiq desək, marketinq sahəsi və startap yönümlü kreatek hazırda sürətlə inkişaf edən kreativ iqtisadiyyat sahələridir. Fərdi audiovizual məhsulların istehsalı və onların sosial platformalar üzərindən təqdim edilməsi də geniş yayılmaqdadır. Nəzərə alsaq ki, bu sahələrə daha çox gənclər üstünlük verir, kreativ sənayenin iqtisadiyyat və məşğulluq baxımından perspektivləri çox böyükdür. Bununla yanaşı, ənənəvi sənətkarlıq sahələrinin inkişafı da çox perspektivlidir. Postpandemiya dövründə turizmin canlanması bu sahədə xidmət və məhsulların təqdim edilməsi, eləcə də vətəndaşlarımızın bundan gəlir götürməsi imkanlarını artıracaq.
“Nəzərə alsaq ki, bu sahələrə daha çox gənclər üstünlük verir, kreativ sənayenin
iqtisadiyyat və məşğulluq baxımından perspektivləri çox böyükdür.
Bununla yanaşı, ənənəvi sənətkarlıq sahələrinin inkişafı da çox perspektivlidir.”
– Kreativ iqtisadiyyatın hazırkı inkişaf səviyyəsini necə qiymətləndirmək olar?
– Azərbaycanda bu sahə yenicə sənaye və ya iqtisadiyyatın bir parçasına çevrilib. Yaradıcı iqtisadiyyatın təməl çərçivəsi və məzmunu əqli mülkiyyət hüquqlarının qorunmasından keçir. İnkişaf səviyyəsini dəyərləndirsək, etiraf etməliyik ki, həm hüquqi mexanizmlərin təkmilləşdirilməsi, həm əlverişli mühitin yaradılması, həm də institusional tərəfdaşlıq təcrübəsinin tətbiqi baxımından uzun bir yol keçməliyik. Yəni böyük potensial var, amma onun monetizasiyası üçün əlverişli şərait yaradılmaldır. Bu baxımdan, həm KOBİA, həm İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturları, həm Mədəniyyət Nazirliyi, həm də Əqli Mülkiyyət Agentliyi ilə sıx təmasdayıq.
– Son illərdə kreativ sənayedə hansı səviyyədə artımlar qeydə alınır?
– Dövlət Statistika Komitəsininin iqtisadi fəaliyyət növlərinin təsnifatı (İFNT) sənədindən seçilmiş yaradıcı fəaliyyət sahələri üzrə gəlir və istehsal, gəlirlilik və məşğulluq göstəricilərində müəyyən artımların baş verdiyini görmək mümkündür. Yaradıcı fəaliyyət sahələri üzrə malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər 2017-ci ildə 1 milyard 89 milyon 459,4 min manat, 2018-ci ildə 1milyard 285 milyon 607,7 min manat, 2019-cu ildə 1 milyard 732 milyon 839,8 min manat, 2020-ci ildə 1 milyard 368 milyon 360,3 min manat, 2021-ci ildə isə 1 milyard 430 milyon 469,3 min manat təşkil edib. Ancaq bu rəqəmlər də dəqiq mənzərəni ifadə etmir. Əqli Mülkiyyət Agentliyindən aldığımız məlumata görə, faktiki rəqəmlər daha yüksəkdir. Pandemiyanın təsirlərini nəzərə almasaq, yaradıcı sənayelərlə birbaşa bağlı olan və birbaşa bağlı olmayan, lakin fəaliyyətində bu sahələrdən yararlanan iqtisadi istiqamətlərdə artımların baş vermə səbəbini reklam, marketinq, dizayn və SMM xidmətlərinə böyük önəmin verilməsi, turizm sənayesinin inkişafı ilə əlaqələndirmək olar. Texnoloji həllərin artması, yaradıcı sənayelər sahəsində milli bazar iştirakçılarının beynəlxalq bazarlara öz xidmətlərini asanlıqla çıxarması üçün yaranmış təbii şəraiti də artımlara təsir edən səbəb kimi göstərə bilərik. Bütün bunlara baxmayaraq, koronavirus pandemiyası səbəbindən sosial təcrid məcburiyyətinə görə bütün sahələrdə olduğu kimi yaradıcı sənayelərın inkişafında da müəyyən azalmalar baş verib.
– Azərbaycanda kreativ iqtisadiyyatın inkişafı üçün vacib olan müvafiq şərtlər varmı?
– Əvvəlcə bunu qəbul etməliyik ki, yaradıcı sənayelər fərdi yaradıcılığa, bacarıq və istedada əsaslanan, yaxud mülkiyyətin inkişafı və ya istehsalı vasitəsilə sərvət, iş yerləri yaratmaq potensialına malikdir. Bu baxımdan, Azərbaycan xalqının zəngin yaradıcılıq irsi, ölkəmizdə mövcud multikultural mühit, mədəni özünüifadə müxtəlifliyinin dəstəklənməsi, əhalinin əksər hissəsinin təhsilli və internetə çıxışının olması ölkədə bu sahələrin inkişafı üçün münbit ekosistemin mövcudluğunu şərtləndirir. Kreativ iqtisadiyyatın inkişafına zəmin yaradan digər amil kimi iqtisadiyyatın diversifikasiyası fonunda qeyri-neft ixracatının artmasına, innovasiyaların tətbiqinə və insan kapitalının inkişafına dövlət dəstəyini qeyd etmək olar. Azərbaycanda bu sahənin iqtisadi dəyərinin mərkəzləşdirilmiş formada hesablanması, sistemli statistikanın formalaşdırılması və ümumilikdə sahənin iqtisadi resurs nöqteyi-nəzərdən inkişafı üçün konkret addımların atılması vacibdir.
“Əvvəlcə bunu qəbul etməliyik ki, yaradıcı sənayelər fərdi yaradıcılığa,
bacarıq və istedada əsaslanan, yaxud mülkiyyətin inkişafı və ya istehsalı
vasitəsilə sərvət, iş yerləri yaratmaq potensialına malikdir. Bu baxımdan,
Azərbaycan xalqının zəngin yaradıcılıq irsi, ölkəmizdə mövcud multikultural
mühit, mədəni özünüifadə müxtəlifliyinin dəstəklənməsi, əhalinin əksər
hissəsinin təhsilli və internetə çıxışının olması ölkədə bu sahələrin
inkişafı üçün münbit ekosistemin mövcudluğunu şərtləndirir.”
– Azərbaycanda ÜDM-də kreativ sənayenin payı nə qədərdir? ÜDM-də kreativ sənayenin payının artması üçün hansı işləri görmək lazımdır?
– Etiraf etməliyik ki, hazırda milli səviyyədə yaradıcı sənayelərə dair əhatəli statistikanın mütəmadi dərc edilməməsi bu sektor üzrə inkişaf proseslərinin ölçülməsinə tam imkan vermir. UNCTAD-ın hesabatına görə, Azərbaycanın 2014-cü ildə yaradıcı sənayelər üzrə məhsul idxalı 138,04 milyon, ixracı isə 3,95 milyon ABŞ dolları olub. Nəticədə yaradıcı sənayelər üzrə 134,09 milyon ABŞ dolları dəyərində mənfi ticarət balansı əmələ gəlib. Yaradıcı sənayelərin Azərbaycan iqtisadiyyatındakı payının müəyyən edilməsinə dair 2017-ci ildə Avropa İttifaqı tərəfindən Azərbaycan üzrə “Mədəniyyətin inkişafı indikatorları” hesabatı hazırlanıb. Hesabatda 2016-cı il üçün yaradıcı sənayelərin rəsmi olaraq ÜDM-dəki payının 1%, yəni 374 milyon ABŞ dolları olduğu qeyd edilib.
2019-cu ildə aparılmış Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının Metodik Göstərişlərinə əsaslanan araşdırmada kreativ iqtisadiyyatın Azərbaycanda 2015-ci il üzrə ÜDM-də payının 5,1% təşkil etdiyi bildirilir. Araşdırma göstərir ki, 2003-cü ildən 2015-ci ilədək (2015-ci il də daxil olmaqla) kreativ sənayenin artımı 220,5 milyon manatdan 2 milyard 815,9 milyon manata, yəni 13 dəfə yüksəlib. Başqa bir məlumatda yaradıcı fəaliyyət sahələri üzrə gəlir və istehsal, eləcə də məşğulluq üzrə 2020-ci il göstəricilərinə əsasən, ölkəmizdə yaradıcı sənaye sahələrindən əldə edilmiş gəlir təqribən 1.4 milyard manat təşkil edir və payı ÜDM-də 1,88%-dir. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanova istinad etsək, kreativ sənayenin ÜDM-də payının 2010-cu ildə 3,5 faiz, 2015-ci ildə 5,1 faiz, 2020-ci ildə 5,3 faiz olduğunu, Azərbaycanın müəllif layihələrinin ÜDM-də payının isə 2010-cu ildə 1,8 faiz, 2015-ci və 2020-ci ildə 2,9 faiz təşkil etdiyini görərik. Yuxarıdakı fərqli rəqəmlərdən də göründüyü kimi, yaradıcı sənayelər iqtisadi blok olaraq kateqoriyalaşdırılmadığı üçün İFNT siyahısı üzrə toplanan rəqəmlərdə fərqli mənzərələr yaranır. Beynəlxalq təcrübənin nəzərə alınması ilə Azərbaycanda bu sənaye sahələrində dəqiqləşdirilmiş əhatəli statistik məlumatların toplanılması təcrübəsinin 7 əsas sahə üzrə ölçülər (iqtisadiyyat, təhsil, idarəçilik, sosial iştirak, gender bərabərliyi, kommunikasiya və irsin mühafizəsi) və bu ölçülər üzrə 22 indikatoru əhatə edən UNESCO-nun Mədəniyyət İnkişafı İndikatorları metodoloji təlimatına uyğun olaraq yenidən təşkili nəzərdən keçirilməlidir. Ölkəmizdə yaradıcı sənayelər sahəsində peşəkar sahəvi təşkilatların və birliklərin, ticarət assosiasiyalarının olmaması və ya zəif olması da sahələr üzrə müfəssəl statistik göstəriciləri, inkişaf məlumatlarını əldə etməyə imkan vermir. Sektor üzrə əhatəli statistikaya nail olmaq üçün sistemli fəaliyyətlərin görülməsinə ehtiyac var. Xüsusilə peşəkar təşkilatlar bu məsələlərdə dövlətə, dövlət isə öz növbəsində peşəkar təşkilatların fəaliyyətinə dəstəyi artırmalıdır.
– Kreativ sənayenin inkişafı insanların məşğulluğuna necə təsir göstərir?
– Ümumiyyətlə, biz müasir əmək bazarında ciddi keyfiyyət və məzmun dəyişikliyinin şahidi oluruq. Artıq bir sıra peşələr bazardan çıxaraq yeni peşələrlə əvəzlənir və bu proses birbaşa təhsil proseslərinə təsir edir. Bu baxımdan beynəlxalq əmək bazarında prosesləri diqqətlə izləmək lazımdır və gələcək planlaşmanı da ona uyğun qurmaq tələb olunur. Avropa statistikasına baxsaq, 2011-2017-ci illər arasında yaradıcı məşğulluq sahəsində ümumilikdə 800.000-dən çox artım olub, bu sahədə çalışanların sayı 7,852 milyondan 8,658 milyona çatıb. Son beş ildəki dəyişiklikləri və rəqəmsal transformasiyanı nəzərə alsaq, bu göstərici daha da artıb. Milli səviyyədə baxsaq, ölkəmizdə yaradıcı sənaye sahələrində 2020-ci il göstəricilərinə əsasən, 88.000 muzdlu insan və fərdi sahibkar çalışıb, 2021-ci ildə isə bu rəqəm 98.806 olub. Bu, yaradıcı fəaliyyətlər və onunla əlaqədar olan iqtisadi fəaliyyət sahələrinə dair əldə edilmiş göstəricidir. Buraya qeyri-yaradıcı sektorlarda yaradıcı peşələr üzrə çalışan şəxsləri əlavə etsək, məşğulluq göstəriciləri ilə yanaşı ÜDM-də pay və gəlirlilik göstəricilərində də artımın olduğunu görə bilərik. Bunun mümkün olması üçün, sözsüz ki, haqqında bəhs etdiyim beynəlxalq təcrübəyə əsaslanan statistika toplanılması təcrübəsinin tətbiqini reallaşdırmaq lazımdır. Bu işdə aidiyyəti qurumların iştirakı ilə beynəlxalq təcrübədən istifadə edərək milli qaydaların işlənilməsi zəruridir. Digər ən vacib məsələ müasir gənclərin yanaşmasındakı transformasiyadır. Yəni gənclər bütün dünya üzrə artıq sərbəst işlərə (freelance) üstünlük verməyə başlayıblar. Onlar öz beyin və xidmətlərini artıq aylıq məvacib üçün deyil, günlük və daha qısa müddət üçün təqdim edirlər. Gənclər müasir texnoloji vasitələrlə əmək bazarında yeni özünüməşğulluq sistemi qururlar. Bu faktorun iqtisadi siyasət və fəaliyyət sahələrində nəzərə alınması qaçılmazdır.
Müsahibəni hazırladı:
İlhamə İSABALAYEVA