Hazırda tullantıların düzgün idarə olunması ilə bağlı yaradıcı yanaşmalar tətbiq etməklə ətraf mühitin mühafizəsinə diqqət çəkmək geniş yayılmış təcrübələrdəndir. ATMA-YARAT-SAT sosial layihəsi də bu məqsədə xidmət edir. Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi olan yaradıcı insanların cəlb olunduğu bu layihə çərçivəsində yararsız hesab edilən əşyalardan düzəldilən əl işlərinin nümayişi və satışı nəzərdə tutulur.
“Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça” ASC, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə ənənəvi olaraq keçirilən növbəti ATMA-YARAT-SAT sosial layihəsi 20 may saat 11:00-da “İçərişəhər” Qoşa Qala qapısı ərazisində keçiriləcək.
Layihənin məqsədi lazımsız hesab edilən əşyaların yaradıcı insanların toxunuşu ilə sənət əsərinə çevrildiyini əyani şəkildə nümayiş etdirmək, tullantıların həcmini azaltmaq, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına dəstək vermək və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına köməklik göstərməkdir. Qeyd edək ki, bir sıra dövlət qurumlarının və təşkilatların dəstək verdiyi 3-cü ATMA-YARAT-SAT sərgi, satış-yarmarkası hər il keçirilir və gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.