Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov 2022-ci il 14 mart tarixində Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadəni qəbul etmişdir.
Görüşdə yaradıcı sənayelər sahəsində inkişafa dəstək, əqli mülkiyyət hüquqlarının qorunması və bu sahədə hüquqi maarifləndirmə məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov ÜDM-də kreativ sənayenin payının hazırda 5,3% təşkil etdiyini və bu sahənin milli iqtisadiyyatımızda daha böyük rol oynaması üçün geniş potensialın olduğunu diqqətə çatdıraraq, Agentlik tərəfindən bu sahədə son illərdə müvafiq işlərin həyata keçirildiyini qeyd etdi. Belə ki, Agentliyin yeni strukturunun formalaşdırıldığı, sahə üzrə hüquqi bazanın təkmilləşdirildiyi, bir sıra maarifləndirici aksiyaların və təlimlərin təşkil edildiyi, sahəyə aid kitab və broşuraların çap olunaraq yayıldığı vurğulandı.
Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov sonra Agentliyin Nizamnaməsinə əsasən əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun artırılması və müəlliflik hüququna əsaslanan iqtisadiyyatda (kreativ iqtisadiyyatda) investisiya mühitinin yaxşılaşdırılması, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və kreativ iqtisadiyyatın ölkənin ümumi daxili məhsulundakı payının müəyyən edilməsinin fəaliyyət istiqamətlərindən, həmçinin texnologiyaların transferinin, innovasiyalara dəstək və kommersiyalaşdırılma infrastrukturunun yaradılması ilə bağlı tədbirlərin görülməsi müddəalarını, habelə əqli fəaliyyət nəticələrinə sərmayə yatıran investorlar üçün təlimlər, treninqlər, dəyirmi masalar təşkil etmək, onlara əqli mülkiyyət hüquqların təminatı ilə bağlı hüquqi məsləhətlər vermək vəzifələrinə aid olduğunu əsas gətirərək, bu istiqamətdə Federasiya ilə sıx əməkdaşlıq etmək niyyətində olduqlarını diqqətə çatdırdı.
Vasif Eyvazzadə rəhbərlik etdiyi Federasiyanın məhz yaradıcı sənayelər sahəsinin təşkilatlanması və inkişafı məqsədilə təsis edildiyini vurğulayaraq, əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı məlumatlılığın artırılması və bu sahədə təşviqat işlərində əsas tərəfdaş kimi Agentliklə birgə əməkdaşlığı prioritet kimi qarşıya məqsəd qoyduqlarını bildirdi.
Görüşdə qarşılıqlı əməkdaşlığın çərçivəsini və fəaliyyət istiqamətlərini müəyyən edən sənədin hazırlanması və konkret layihələrin həyata keçirilməsinə dair müzakirələrin aparılması barədə razılıq əldə olundu.